Valyuta məzənnəsi:
01:10 AVRO-2024: Fransadan heç-heçə, Ukrayna və Avstriya qalib gəldi - YENİLƏNİB  |     19:50 Netanyahunun müşaviri Ermənistanı təhdid etdi  |     18:04 Nazilə Səfərlinin başına iş gəldi - VİDEO  |     18:00 Eddi “Neftçi”-dən getdi  |     14:02 İlham Əliyev və Mehriban Əliyeva Nəbatat Bağında görülən işlərlə tanış olublar  |     14:00 Bu sürücülər 100 manat cərimə ediləcək  |     00:24 Efirdə aparıcı ilə ekspert arasında GƏRGİNLİK - VİDEO  |     17:48 Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO  |     17:47 İlham Əliyev daxili işlər orqanları ilə bağlı iki sənədə dəyişiklik etdi  |     15:50 Mbappe üçün 1200 avroluq maska hazırlanacaq  |     15:00 Səhnədə konsert verən Dilarəni alqışlamaq əvəzinə, Sagopanı SƏHNƏYƏ ÇAĞIRDILAR - VİDEO  |     14:24 Vəli İsrafilov Paris-2024-də!  |     14:21 Türkiyə - Portuqaliya oyununu o idarə edəcək  |     13:35 Sonaxanımın bu hərəkəti QINANDI - VİDEO  |     13:23 Azərbaycan FİFA reytinqində irəlilədi  |     12:20 Gimnastlardan İtaliyada 13 medal  |     11:50 Gənc qız ona əxlaqsız təklif edən kişini belə İFŞA ETDİ - VİDEO  |     11:33 Ələkbər efirdə ginekoloqu ürək həkimi ilə SƏHV SALDI - VİDEO  |     11:15 FİFA reytinqində ilk: Azərbaycan 29-cu pillədə  |     11:07 Bu avtobusların sərnişinlərinin nəzərinə! - FOTO  |    
CityNews.az » Əsas » “Ağıllı kənd” nədir və Azərbaycan üçün nə vəd edir? - ARAŞDIRMA + FOTO

Əsas / Araşdırma

“Ağıllı kənd” nədir və Azərbaycan üçün nə vəd edir? - ARAŞDIRMA + FOTO


Dünya əhalisi durmadan artır. 2050-ci ilə qədər Yer kürəsində 10 milyarddan çox insan yaşayacağı təxmin edilir. Dünya əhalisinin üçdə ikisindən çoxu şəhərlərdə yaşayacaq və bu insanların qidalanması mütləqdir.

Bu gün cibimizdə kompüter daşıyırıq, hətta astronavtları kosmosa göndərə bilirik. Amma, eyni zamanda, planetimizdəki doqquz nəfərdən biri aclıq çəkir. Dünyada texnoloji inkişafa rəğmən, qida istehsalı planetimizi məhv edən böyük sənayelərdən biridir. Amazon çöllərində meşələr yandırılaraq soya tarlaları salınır. Cənubi İspaniyada çiyələk istehsalı torpağı qurudur, su qıtlığı qlobal bir problemdir. Bir sözlə, dünyanın hər yerində qida istehsalı səbəbi ilə təbiət çox ciddi zərər görür. Zaman isə sürətlə irəliləyir. Dünya əhalisi artdıqca qida tələbi də artır. Bu gedişlə, qida tələbatı 2050-ci ildə 2 dəfə arta bilər...

Bəs, bu kimi qlobal problemin potensial həlli nədir? Nə etməliyik ki, qarşıdan gələn qida fəlakətini önləyə bilək?

“Ağıllı kənd”. Bizim üçün çox yeni olan bu ifadənin mahiyyətini, əslində, bir çoxumuz bilmirik. Düşünürük ki, “ağıllı kənd” yalnız bir-birinə bənzəyən və günəş paneli vasitəsilə əldə edilən alternativ enerji ilə qızdırılan, internetlə təmin edilən evlərdən, günün vaxtına görə işıqları avtomatik yanıb-sönən küçələrdən, kamera müşahidəsi altında olan fermalardan, pivod sistemi ilə suvarılan əkin sahələrindən və ya südverən inəkləri insan əli dəymədən sağan aparatlardan ibarətdir. Əslində isə “ağıllı kənd” sırf müasir kənd təsərrüfatı sistemidir. Burada hər hansı bir məhsulu əkib-becərən insanlar deyil, kompüterlərdir. Bu sistemlə kənd təsərrüfatı tamamilə avtomatlaşdırılır, sahibkar-torpaq, sahibkar-dövlət münasibətləri rəqəmsallaşdırılır.

Bu arada, “ağıllı kənd”i “ağıllı şəhər”lə qarışdırmayaq. Bunlar tamamilə ayrı və mahiyyətinə görə bir-birindən fərqlənən konseptlərdir. “Ağıllı şəhər” daha genişmiqyaslı və daha çoxçeşidlidir. Bu, bütöv bir şəhərin rəqəmsallaşması, hər bir xidmətin elektronlaşması, hər bir enerjinin alternativləşməsi və s. deməkdir. Lakin bugünkü mövzumuzda “ağıllı şəhər”dən deyil, “ağıllı kənd”lərdən bəhs edəcəyik.

“Ağıllı kənd” deyəndə ağlagələn ilk yerlərdən biri Niderlanddır (keçmiş Hollandiya). Ona görə də bu kəndin necə bir yer olduğunu daha yaxından bilmək üçün Niderland təcrübəsini öyrəndik.

Niderland Avropada kiçik bir dövlətdir, ərazisi ABŞ-dən 200 dəfə kiçikdir. Buna rəğmən, Niderland ABŞ-dən sonra dünyanın ən böyük ikinci qida ixracatçısıdır. Bəs kənd təsərrüfatı sahələri ümumən 1 milyon hektardan çox olmayan, torpaqları daha çox dənizdən xilas edilən, günəşi az görən Niderland buna necə nail olur?

İlkin araşdırmamıza görə, niderlandlılar bunu yüksək həssaslıq göstərilən kənd təsərrüfatı ilə bacarırlar. Bu gün Niderland dünyada ən məhsuldar, yüksək texnologiya ilə təchiz olunmuş kənd təsərrüfatı sistemini yaratması və onu inkişaf etdirməsi ilə öyünür. Bəs bu sistemi necə qurublar?

Vageningen Universiteti.

Bu universitet Niderlandın kənd təsərrüfatı sənayesinin hərəkətverici güclərindən biridir. Buradakı alimlər durmadan qarşıdakı illərdə insanları bəsləyə bilmənin yollarını axtarırlar. Qısa bir nümunə: onlar bitkilərdə necə işə yaradığına dair fərqli rəngləri test edirlər. Lakin bütün bunlar istilik, karbondioksid, konsentrasiya, nəm, külək axını kimi digər faktorlar da nəzərə alınaraq edilir. Universitetdə təməl olaraq bir bitkinin necə böyüdüyünə dair ola bildikcə çox məlumat toplayırlar. Bu məlumatı bitkinin necə böyüdüyünə dair simulyator və kompüter modellərinə inteqrasiya edirlər. Məlumdur ki, bitkilər fotosintez adı verilən bir proseslə böyüyür. Sadə dillə desək, bitkidəki hüceyrələr günəş enerjisini şəkərə çevirir. Universitetin əməkdaşları bu prosesi ölçmək üçün xüsusi sensorlardan istifadə edirlər. 

Sensorlar yarpağın üzərinə yerləşdirilir və fotosintez prosesi ölçülür. Bu aparatla, əslində, bitkinin nə qədər karbondioksid aldığını ölçürlər. Beləliklə, fotosintezin necə işlədiyini öyrənirlər. Daha sonra bu məlumat bitkinin necə performans göstərdiyini simulyasiya edən kompüter modelləri ilə birləşdirilir. Modellər daha doğru hala gətirildikdən sonra bir az fərqli şərtlərdə də bitkinin necə reaksiya göstərəcəyini təxmin edərək ən yaxşı şərtin nə ola biləcəyini müəyyən edirlər. Bunlar işığın parlaqlığı, rəngi, istilik və s. ola bilər. Yəni ilk çözüm qidanı və ya çiçəkləri çöl şəraitində təbii üsulla yetişdirmək əvəzinə, kontrollu bir ortam (istixana) yaratmaqdır.

Bu zaman isə istixananın içərisində olmağa gərək yoxdur. Texnologiya hər şeyi kənardan kontrol edir. Bu kontrolları isə bitkilərin zamanında sulandığından, doğru miqdarda enerji aldığından əmin olmaq üçün edirlər.

Bu, bir işıq sensorudur.

Sensor istixanaya gələn işıq miqdarını ölçür. Çünki bitkilər üçün əsas böyümə faktoru işıqdır. Çox işıq varsa, bitkilərin daha çox suya, daha çox gübrəyə ehtiyacı var, daha yüksək istilik tələb oluna bilər. Yəni bu texnoloji sistemdə işıq sensoru açar ünsürdür.

Müasir kənd təsərrüfatında bütün bitkilər yuvalarda və ya qablarda yetişdirilir. Bitkilər tərəfindən istifadə olunmayan artıq su damcısı toplanaraq təkrar istifadə olunur. Bu, məhsuldarlığı çox ciddi şəkildə artırır. Müqayisə üçün deyək ki, bu şəkildə sahədə (torpaqda) eyni miqdarda pomidor yetişdirmək üçün istifadə etdiyimiz suyun sadəcə yüzdə 10-u istifadə edilir. Yəni sahədə su miqdarı 10 qat çox sərf olunur. Ona görə də bu müasir sistemdə işin əsas tərəfi suyun dövr olunmasıdır.


Vageningen Universitetinin mütəxəssisləri hesab edirlər ki, yüksək məhsuldarlıq səviyyəsinə çatmaq üçün istixanalar ideal sensorlara və kompüterlərə malik olmalıdır. Kompüter sensorlar vasitəsilə hansı məhsulun nəyə ehtiyacı olduğu bilgisinə dayanaraq, bitkinin ehtiyac duyduğu gübrə miqdarı da daxil olmaqla, onun tam olaraq nə qədər su aldığını təsbit edir. Eləcə də günəş şüalarını kontrol edən aparatlar nəzərdə tutulandan çox düşən günəş şüasının qabağını alır. Beləliklə, bir məhsulun becərilməsinə dair hər şey nəzarət altında olur...

Dünyada müasir kənd təsərrüfatı sistemi ilə fərqlənən ölkələrdən biri də İsraildir. İsrail texnologiyadan istifadə etməklə kənd həyatını yaxşılaşdırmağa yönəlmiş bir sıra “ağıllı kənd” təşəbbüslərinə malikdir. Bu təşəbbüslər adətən kənd icmalarında internet bağlantısı, bərpa olunan enerji sistemləri və “ağıllı evlər” kimi ağıllı infrastrukturun quraşdırılmasını nəzərdə tutur. Bu layihələrin məqsədi davamlı və yaşana bilən kənd icmaları yaratmaq, eyni zamanda, təhsil, səhiyyə və digər vacib xidmətlərə çıxışı yaxşılaşdırmaqdır.

İsraildəki “ağıllı kənd”in bir nümunəsi ölkənin cənub hissəsində, İordaniya ilə sərhədə yaxın ərazidə yerləşən Arava vadisidir. Arava vadisi bir neçə kənd təsərrüfatı icmasının və kiçik şəhərlərin məskunlaşdığı bir ərazidir. Son illərdə İsrail hökuməti və müxtəlif təşkilatlar sakinlərin həyat keyfiyyətini yaxşılaşdırmaq və yeni iqtisadi imkanlar yaratmaq məqsədilə Arava vadisini “ağıllı kənd”ə çevirmək üçün çalışırlar.

Arava vadisindəki “ağıllı kənd” təşəbbüsü günəş enerjisi sistemləri, internet bağlantısı və “ağıllı evlər” kimi müxtəlif texnologiyaların quraşdırılmasını nəzərdə tutur. Məsələn, kənddəki evlər sakinlərin ənənəvi elektrik şəbəkəsindən asılılığını azaltmaqla öz enerji istifadəsinə nəzarət etməyə imkan verən smart sistemlərlə təchiz olunub. Bundan əlavə, kənd yüksəksürətli internetə malikdir ki, bu da sakinlərin onlayn təhsil və səhiyyə xidmətlərindən, eləcə də yeni biznes imkanlarından yararlanmasını təmin edir.

Ümumilikdə, İsraildə ağıllı kənd təşəbbüsləri kənd sakinlərinin həyat keyfiyyətini yaxşılaşdırmaq, eyni zamanda, yeni iqtisadi imkanlar yaratmaq və ənənəvi infrastrukturdan asılılığı azaltmaq məqsədi daşıyır...

“Ağıllı kənd” sektorunda son illərdə Türkiyə də nəzərəçarpan addımlar atmaqdadır. Məsələn, “Vodafone Ağıllı Kənd” başdan-başa müasir kənd təsərrüfatı texnologiyalarını və İKT tətbiqlərini əhatə edən bir kənddir.

Burada məhsuldarlıq “ağıllı texnologiya” ilə artırılır. Kənddə 30-a yaxın beynəlxalq firmanın texnoloji məhsullarından istifadə edilir. Burada ağıllı sistemlərlə torpaq sahəsinin ölçüsü aparılır. Sensorlar vasitəsilə əldə edilən məlumatlarla tarlaları nəzarətdə saxlamaq mümkündür. Sulama, qulluq və məhsul yığımı ilə bağlı bütün məlumatlar fermerin ağıllı telefonu və tabletlərindən yoxlanılır. “Vodafone Ağıllı Kənd”də “ağıllı” sulama sistemləri, “ağıllı” istixanaçılıq və meyvəçilik, nəm sensorları və meteoroloji stansiya, erkən xəbərdarlıq sistemləri, kollektiv sağım və heyvan izləmə sistemləri, kənd təsərrüfatı məlumatlarının monitorinqi mərkəzi, laboratoriya və rəqəmsal kitabxana kimi proqram və tətbiqlər yer alır.

Bundan başqa, Türkiyədə “Torbil” adı verilən bir sistemlə kənd təsərrüfatına ümumi nəzarət həyata keçirilir. Bu sistem sahibkar-hökumət, eləcə də sahibkar-təsərrüfat münasibətlərini elektronlaşdırıb.

İndi isə gələk Azərbaycana. Bildiyiniz kimi, ölkəmizdə ilk “ağıllı kənd” layihəsi işğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndində icra olunur. 21 oktyabr 2021-ci il tarixində Prezident İlham Əliyev “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olarkən bildirildi ki, kənd ən son texnologiya və sürətli internetlə təmin ediləcək, burada ictimai ferma yaradılacaq, peyin emalından gübrə və bioqaz əldə ediləcək. Həmçinin, bitki xəstəliklərini, suvarma və hava ilə bağlı məlumatları müəyyən edən iqlim stansiyaları quraşdırılacaq, pivod suvarma sistemləri yaradılacaq. Eləcə də karbondioksid emissiyası sertifikatına malik olan “Arximed” qurğusu “ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək və artıq qalan enerjini xaricə satmaq mümkün olacaq. Bundan başqa, əhalinin şəhərdə əldə edə biləcəyi xidmətlərə, o cümlədən, dövlət xidmətlərinə rahat çıxışı təmin ediləcək. Bütün ağıllı idarəetmə sistemi isə data və təhlil mərkəzindən həyata keçiriləcək.

Göründüyü kimi, Azərbaycan da “ağıllı kənd” konsepsiyası üzrə artıq ilk addımlarını atmaqdadır. Digər tərəfdən, “Azərkosmos”un təqdim etdiyi imkanlar da ölkəmizdə kənd təsərrüfatının inkişafını stimullaşdırır. Bununla belə, “ağıllı kənd” layihə çərçivəsində ölkəmizdə görülən işlər ictimaiyyət üçün də maraqlıdır. Hansı məsələlər tamamlanıb, hansılar hələ icra mərhələsindədir? “Ağıllı kənd”i əhatə edən və orada tətbiq edilən müasir texnologiya (avadanlıqlar, iş prinsipi) hansı beynəlxalq standarta (təhlükəsizlik sertifikatına) əsaslanır? və s.

Bu kimi suallarla bir neçə gün öncə həm Kənd Təsərrüfatı Nazirliyinə, həm də Prezidentin Cəbrayıl, Zəngilan və Qubadlı üzrə Xüsusi Nümayəndəliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, layihənin icrası onların nəzarətində deyil. Eyni zamanda, “ağıllı kənd” konsepsiyası üzrə nazirlik tərəfindən hələlik heç bir layihə icra olunmur.

Mövzu ətrafında digər sualları isə ekspertlərə ünvanladıq:

  • Azərbaycanda icra olunmaqda olan “ağıllı kənd”in konsepsiyasını və tətbiq edilən konkret işi necə dəyərləndirirsiniz? Effekt varmı və ya olacaqmı?
  • Azərbaycanın daha hansı bölgələrində “ağıllı kənd”lər yaratmaq mümkündür, potensial nədir və hansı sahələr daha perspektivlidir
  • “Ağıllı kənd” üçün risklər nədir? Yəni belə bir kənddə hansı risklər öncədən dəyərləndirilməli və ona qarşı tədbirlər görülməlidir?
  • Reallıqdır ki, rəqəmsal sektorda nə qədər müasir texnologiyaya sahib olsan da, onları işlədə bilən mütəxəssislərə ehtiyac var. Bu ehtiyacın təmin olunması üçün nələr edilməlidir?

Həmsöhbətimiz ADA Universitetinin dekanı, dosent Anar Vəliyevdir.

O hesab edir ki, Ağalı kəndində nümunə kimi təqdim olunan “ağıllı kənd” layihəsi effektiv oldu:

“Camaat ora qayıda bilibsə, bu, digər keçmiş məcburi köçkünlər üçün yaxşı bir siqnaldır ki, onlar fərqli bir şəraitə qayıdırlar. Artıq onlar nümunəvi bir yerdə yaşayacaqlar. Bu kəndlərdə həyat tərzi fərqli olacaq. Ona görə də, mənim fikrimcə, psixoloji olaraq bu layihənin effekti var və olacaq. Onun iqtisadi effektini isə zaman göstərəcək. Nə mənada? Bir “ağıllı kənd”i yaratmaq, oradakı infrastrukturu qurmaq bir az baha başa gələcək. Belə kəndlər bir neçə dənə və bir-birinə yaxın olmalıdır ki, infrastruktura az vəsait sərf olunsun. Bir kəndi yaratmaqla biz çox pul xərcləyirik və inanmıram ki, Azərbaycanda yüzlərlə belə kənd yaradıla bilər. Çünki bu, maddi cəhətdən mümkün deyil. Ona görə də siyasi və psixoloji tərəfindən baxaraq, deyə bilərəm ki, “ağıllı kəndi”n effektivliyi var, onun iqtisadi tərəfini isə zaman göstərəcək”.

A.Vəliyev qeyd etdi ki, “ağıllı kənd”lərin qurulması regiondan asılı deyil. Belə kəndləri hər bir rayonda yaratmaq olar. Sadəcə, buna tələbat və yanaşma olmalıdır.

“Yəni nəinki Qarabağda, ölkənin digər rayonlarında da belə kəndlər yaratmaq mümkündür. Sadəcə olaraq, Qarabağda hər şey sıfırdan yaradılır, infrastruktur sıfırdan qurulur. Ona görə orada “ağıllı kənd” tikmək rahatdır, nəinki mövcud olan kəndlərdə evləri dağıdıb yeni xətlər çəkmək. Bu baxımdan, Qarabağın hər bir yerində “ağıllı kənd”lər yaratmaq olar, sadəcə olaraq, baxmaq lazımdır ki, buna harada daha çox ehtiyac var. Yəni biz hara istəyirik ki, insanlarımız qayıtsın. Məsələn, bu gün vacib regionlarımızdan biri Laçın rayonudur. Burada “ağıllı kənd”lər yaradılmalıdır ki, insanlar oraya qayıtsınlar. Məncə, “ağıllı kənd”ləri bundan sonra Laçında - Zabux və Sus kəndlərində, Hadrutda və Şuşanın ətrafında yaratmaq bizim üçün çox faydalı olar”, - deyə o bildirib.

Risklərdən danışarkən, A.Vəliyev ilk olaraq vurğuladı ki, “ağıllı kənd”lərin salınması hər bir ölkəyə baha başa gəlir:

“Bizim riskimiz odur ki, ola bilsin, 5-6 “ağıllı kənd” tikdik, sonra pulumuz qurtardı, nə edəcəyik?! Bu baxımdan, kəndi tikməzdən əvvəl fikirləşməliyik ki, bunu necə ucuzlaşdıra bilərik. İkinci mənada isə biz bu kəndləri nümunəvi kənd kimi yaradırıq. Ola bilsin, biz Koreyadan, ABŞ-dən adam çağırırıq ki, biz “ağıllı kənd” yaradırıq, gəlin bizə kömək edin. Halbuki, “ağıllı kənd” qurularkən o kənddə yaşayan insanlar özləri deməlidirlər ki, komfort həyatları üçün nə lazımdır. Ola bilər o kənddə yaşayan adam deyər ki, bizdən heç kim soruşmayıb bu kəndi necə görmək istəyir, bizi köçürdüblər və deyiblər ki, burada yaşamalısan. Ona görə gələcəkdə belə problemlər olanda insanlar orada yaşamaq istəməyəcək, çünki ona uyğun deyil. Məsələn, insanlar deyə bilər ki, mənə internet lazım deyil, klub, yaxud kinoteatr lazımdır. Ona görə də biz insanlardan soruşmalıyıq ki, bu “ağıllı kəndi” necə görürsünüz, nə istəyirsiniz?”.

Ekspert əlavə etdi ki, əhalinin sayı, sıxlığı az olan yerlərdə “ağıllı kənd” tikməyə gərək yoxdur. İnsanların sayı 5-10 min olmalıdır ki, datanı yığarkən qərar verək: “Rəqəmsallıqla bağlı risklər də var, əlbəttə ki. Kiberhücumlar hər an ola bilər. Amma mən ən böyük risk kimi burada kiberhücumları yox, maddi məsələni görürəm. Bir neçə “ağıllı kənd” tikmək üçün maliyyə çatdıra biləcəyikmi?

“Ağıllı kənd”in əsas məqsədi insandır, texnologiya yox. Biz isə “ağıllı kənd”ə texnologiya kimi baxırıq. “Ağıllı kənd” yeni qərarvermə mexanizmi və insanlara bağlı olan bir yerdir”.

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov isə bildirdi ki, “ağıllı şəhər”, “ağıllı kənd” sistemləri bütün qurumların inteqrasiyalı işləməsini tələb edir. Yəni dövlət qurumları məlumatları bir-biri ilə paylaşmalıdır: “Hər qurum özü üçün ağıllı sistemlər yaradır, bu qurumların sistemləri birləşəndə, vahid olanda, ortaq, inteqrasiyalı bir sistem yaradılanda olur “ağıllı şəhər” və ya “ağıllı kənd”.

İKT mütəxəssisinin dediyinə görə, Zəngilandakı “ağıllı kənd” konsepsiyasını Milan və ya Barselonadakı “ağıllı kənd” konseptinə otuzdura bilmərik. Çünki hər birində tamamilə fərqli iqlim şəraiti var. Bir yerdə külək çoxdur, bir yerdə isti hava...

“Məsələn, Kürdəmirdə quraşdırdığımız günəş paneli Qusarda heç bir işə yaramayacaq. Ona görə “ağıllı kənd”, “ağıllı şəhər” konsepti barədə vahid bir şey axtarılmamalıdır. Bununla bağlı vahid çərçivədə danışanlara da irad tutulmalıdır ki, bu, konseptdir, bu, həmin yerin xüsusiyyətlərinə, coğrafi mövqeyinə görədir”, - deyə o qeyd edib.

E.Abbasov bu sahədə mütəxəssis azlığından da gileyləndi. Vurğuladı ki, Azərbaycanın rayonlarında yüzlərlə SCADA sistemləri qurulub. Amma əksəriyyəti işləmir: “Bir dəfə bir layihənin təqdimatında məndən soruşdular ki, ölkədə nə qədər SCADA sistemi qurmusunuz, dedim 1 517 ədəd. Dedilər ki, bu günə qədər onlarda hər hansı bir problem meydana gəlibmi? Dedim bir dənə də olsun problem olmayıb. Təəccübləndilər ki, necə yəni heç bir problem çıxmayıb?! Dedim çünki onları işlətməyiblər. Məsələ belədir, biz sistemi qururuq, onu istifadə etmək üçün insan yoxdur. İnsan var, sadəcə, həmin sistemləri oxuyub öyrənmək istəmir, deyir hər gün daş daşıyım, amma o düyməyə basmayacağam. Yəni intellektual işə deyil, fiziki işə önəm veririk. Əsas problemimiz də budur”.

“Trend” İnformasiya Agentliyi