Bununla bağlı Azərbaycanda “Ümumxalq hüzn günü” elan edilib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ Prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.
20 Yanvar faciəsi törədilən zaman ölkədə informasiya blokadası yaranmışdı, radio və televiziyanın enerji bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Məqsəd xalqı bu dəhşətli faciədən xəbərsiz qoymaq idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edib, xalqla birgə olduğunu bildirib, 20 Yanvar faciəsinə siyasi qiymət verib, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərib. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayılıb. Heç yerdən köməyi olmayan xalqın qəlbində inam və ümid işığı yanıb.
1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atılıb. 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülüb.
Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul edib. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib.
1990-cı ilin yanvarında baş verən bu ağır faciə bütün dəhşətlərinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini zəiflədə və qıra bilmədi, əksinə, xalq daha da prinsipal mübarizəyə qoşuldu və bu mübarizədən qalib çıxdı.
Hər il 20 Yanvar Azərbaycanda “Ümumxalq Hüzn Günü” kimi qeyd edilir.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər. O, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib. Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.